TEATR | Qatarın altına atılan qadın - FOTOLAR, VİDEO

TEATR | Qatarın altına atılan qadın - FOTOLAR, VİDEO
  28 İyun 2013    Oxunub:5945
Həyat vağzaldır... Burada bircə şey mümkün deyil – yaşamaq...
Svetayevanın dediyi kimi, həyat yaşlıların, cavanların, bəxtlilərin, bəxtsizlərin, dilənçilərin, alverçilərin, cibgirlərin, təsadüfi insanların bir yerə toplaşdığı, harasa tələsdiyi və yaşamağa macal tapmadığı vağzaldır...

“Həyat teatrdır” deyənlərə inansaq, o zaman həyat - vağzal perronnları üzərində qurulan, taxta döşəmələri əzəmətli addımlar altında cırıldayan teatr səhnəsidir... Mənzərə isə dəyişilməzdir... İrəlidə yalnız səssiz, qara dənizi, dərin və dibsiz uçurumu andıran qaranlıq tamaşaçı zalı ya da qatar relsləri…

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə isə Afaq Məsudun yazdığı, yaratdığı “VAĞZAL”ı və qatarın altına atdığı qadını Akademik Milli Dram Teatrının SƏHNƏsinə gətirməyi bacardı...

Bu ayrılıq və nisgil qoxuyan kədərli məkanda yaşı 70-i haqlamış və özü olmaq istəməyən aktrisa Gültəkin Sarabskayanın (Kəmalə Hüseynova) yolu “idealları”na sadiq yazıçı, yazdıqları da imperiya ilə birlikdə dağılan və unudulan Xasay Muradovla (Cəfər Namiq Kamal) kəsişir... Onların bir neçə saatlıq kəsişən yolu tamaşanın əsasını təşkil edir...

Vağzal...Təsadüfi insalar... Həyat - Romeo olmaq arzusu ilə alışıb yananları qəzet satıcısı, Ofeliyaları qaraçı geyimli tumsatan, Kefli İsgəndərləri dilənçi obrazına girməyə vadar edən rejissordur...

Bir zamanlar Xuramana, Ofelyaya, Kleopatraya və onlarla obraza həyatı verən Gültəkin indi “səhnə”də özünü və öz taleyini canlandırır – Aktrisanın taleyini...

Taleyini oynayan aktrisa sonda az öncə acıdığı, dilənçi payı verdiyi Xasay Niyazoviçin illərlə onu mənfur rolları ifa etməyə, istəmədiyi həyatı yaşamağa məcbur edən yazıçı olduğunu öyrənir... Şöhrətlənmək, sinəsini indi sellafon paketlərdə gizlətdiyi medal və ordenlərlə bəzəmək, başı üstündə cəllad baltası tək dayanan ideologiyaya yarınmaq üçün yazan yazıçı...

Ancaq o zamanlar olduğu kimi Gültəkin indi də onu eşitmir, bəlkə də eşitmək istəmir... Xasay Muradov da öz bəraətləri ilə birgə o səssiz, dərin və dibsiz uçurumu andıran qaranlıqlarda itir...

Aktrisa isə hər gecə intihar edib səhərlər qayıtdığı səhnəsinə üz tutur... Bu dəfə Anna Karenina məğrurluğu, ümidsizliyi, görkəmi və sonluğunda... Aktrisa özünü hündür səhnədən dəmir relslər üzərinə atır... İnthar edir... Səhər yenidən qayıtmaq üçün...

Yaslı-yaslı ötən bulud
Bulud, məni tanıdınmı?..
İçim torpaq, gözüm qumdu,
Göy üzü son umudumdu,
Əlim çatmaz, ünüm yetməz…

Leyla Əliyeva
Fotolar : Elnur Muxtar


Qalereya




Teqlər:  





Xəbər lenti